BMU-nun bir qrup tələbə və müəllim heyəti təlim-tədris ekskursiyasında olub

17 Aprel 2023
BMU-nun bir qrup tələbə və müəllim heyəti təlim-tədris ekskursiyasında olub

Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup tələbə və müəllim heyəti “Azertexnolayn” MMC-də təlim-tədris ekskursiyasında olub.

Səfər “Materialşünaslıq“, “Materiallar texnologiyası“, ”Tökmə istehsalının əsasları” fənləri üzrə tələbələrin praktiki dərslərinin istehsalat şəraitində təşkili məqsədilə gerçəkləşdirilib.

Ekskursiyada iştirak edən universitetin Mühəndislik fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Osman Mirzəyev, Mexanika mühəndisliyi kafedrasının müdiri, dosent Asif Quliyev, fənn müəllimi assistent Sahib Mütəllimov və Mexanika mühəndisliyi (ingilis) ixtisası üzrə təhsil alan III kurs tələbələri MMC-nin məsul şəxsləri ilə görüşüb, istehsalat sahələri ilə tanış olublar.

Təhlükəsizlik texnikası qaydaları ilə tam təlimatlandırılan ekskursiya iştirakçılarına zavod haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, “Azərtexnolayn” MMC 2012-ci ilin fevral ayında Sumqayıt Kimya Sənaye parkının (SCİP) ərazisində fəaliyyətə başlayan ilk rezident olaraq, ölkədə sənaye sahəsində mühüm layihələrin həyata keçirilməsini reallaşdıran bir şirkətdir. Ölkəmizdə sənaye infrastrukturunun inkişafı, mövcud potensialın daha da möhkəmlənməsi və müasirləşməsi istiqamətində mühüm rol oynayan şirkətin nəzdində polad boru, politilen məmulatlar və çuqun tökmə zavodları fəaliyyət göstərir. Bu zavodlarda istehsal olunan mallar dünyanın bir çox ölkələrinə ixrac olunur.

Ekskursiya zamanı tələbələr tədris proqramına uyğun praktiki dəslərini fənn müəllimi və istehsalat işçilərinin təlimatı ilə “Çuqun tökmə” sexində keçiblər.

Qeyd edək ki, “Azərtexnolayn” MMC şirkəti ilə razılaşmaya əsasən, Maşın mühəndisliyi və Mexanika mühəndisliyi ixtisasları üzrə müvafiq ixtisas fənlərindən bəzi praktiki dərslərin və seminarların zavod şəraitində təşkili davam etdiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər