Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı ixtisası üzrə məzunu Elmir Muxtarov magistr dərəcəsində təhsilini “U.S. News & World Report 2022” reytinqində ABŞ üzrə birinci yer tutan Prinston Universitetində (Princeton University) davam etdirəcək.
Sevindirici xəbəri BMU ailəsi ilə paylaşan E.Muxtarov qeyd edib ki, ötən il dünyanın nüfuzlu universitetləri sırasında yer alan 11 təhsil ocağından müsbət cavab alsa da, müəyyən səbəblər üzündən təhsilini davam etdirə bilməyib. Amma ruhdan düşməyərək, ötən il təkrar müraciəti onu hədəflərinə daha da yaxınlaşdırıb.
“Məsələnin ən yaxşı tərəfi Universitetin mənim iki il ərzində bütün təhsil xərclərimin qarşılanması üçün (təhsil haqqından tam azadolma və aylıq təqaüd) illik $92,610 təqaüd ayırmasıdır”,- deyə E.Muxtarov bildirib.
Qeyd edək ki, E.Muxtarov bakalavr təhsilini ortalama 94.58 bal ilə bitirib. Tələbə olduğu müddətdə yalnız yüksək nəticələri ilə deyil, ictimai fəallığı ilə də diqqət çəkən Elmir həm BMU-nun “Model BMT klubu”nun rəhbəri, həm də İqtisadi və Sosial İnkişaf Mərkəzində tədqiqatçı kimi fəaliyyət göstərib.
İctimaiyyətlə əlaqələr şöbəsi