Bakı Mühəndislik Universitetinin (BMU) “Fizika müəllimliyi” ixtisası üzrə məzunu Səliqə İsayeva akademik uğurunu beynəlxalq səviyyədə davam etdirir. O, Çin Xalq Respublikasının Hökumətlərarası Təqaüd Proqramı (Type A) çərçivəsində 2025-2026-cı tədris ilindən etibarən tam təqaüdlə Nanjing Elm və Texnologiya Universitetində (Nanjing University of Science and Technology) “Materialşünaslıq və material mühəndisliyi” ixtisası üzrə magistratura təhsilinə başlayacaq.
Səliqə İsayeva 2020-ci ildə BMU-nun tam ingilis dilli “Fizika müəllimliyi” ixtisasına qəbul olub. Akademik göstəriciləri, elmə dərin marağı ilə seçilərək, 2024-cü ildə həm ixtisas birincisi, həm də fakültə üzrə birinci olaraq bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Elm və təhsildə davamlı inkişafı hədəfləyən gənc mütəxəssis beynəlxalq təcrübə qazanaraq material elmləri sahəsində müasir tədqiqatlar aparmaq, innovativ texnologiyalar və yeni həllər üzərində işləmək niyyətindədir. Səliqə İsayeva gələcəkdə əldə etdiyi bilik və bacarıqları Azərbaycanda tətbiq etməklə ölkənin elmi inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.
İctimaiyyətlə əlaqələr şöbəsi