Bakı Mühəndislik Universitetinin (BMU) “Proseslərin avtomatlaşdırılması” ixtisasının məzunu Niyyət Rzayev “Pasha Holding” tərəfindən təşkil olunan növbəti “Future Shapers” proqramında həm fərdi, həm də komanda ilə çıxış edərək uğura imza atıb.
İstedadlı universitet tələbə və məzunlarını aşkar etmək, onlara yeni karyera və inkişaf imkanları yaratmaq məqsədi daşıyan proqramda o, 200 iştirakçı arasında keçirilən imtahanda “Top scorer” olaraq fərdi qaydada 1-ci yerə layiq görülüb. Bundan əlavə, kapitanı olduğu “Garret” komandası 18 komanda arasından ilk yerə çıxıb. BMU məzunu bu uğurları ilə texnoloji liderləri, şirkətləri və startapları bir araya gətirən və bu il keçirilməsi planlaşdırılan “INMerge” İnnovasiya Sammitində təmsilçilik hüququ qazanıb.
Qeyd edək ki, Niyyət Rzayev BMU-nu 5-dən çox yerli və beynəlxalq yarışmada təmsil edib və bir sıra innovativ layihələri ilə uğurlar qazanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi