BMU Malayziyanın qabaqcıl elmi-tədqiqat universiteti ilə əməkdaşlığa başlayır

15 Oktyabr 2025
BMU Malayziyanın qabaqcıl elmi-tədqiqat universiteti ilə əməkdaşlığa başlayır

Bakı Mühəndislik Universiteti (BMU) ilə Malayziya Elm Universiteti (Universiti Sains Malaysia-USM) arasında gələcək əməkdaşlığın əsasını qoyan ilk görüş keçirilib.

Görüşdə hər iki universitetin beynəlxalq əlaqələr və elmi-tədqiqat istiqamətləri üzrə nümayəndələri iştirak ediblər.

Ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə fəaliyyət sahələrinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran təşəbbüslər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə tələbə və müəllim mübadilə proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələri, o cümlədən elmi nəşrlərin hazırlanması, ikili diplom, akademik proqramların yaradılması perspektivləri nəzərdən keçirilib. Eləcə də dayanıqlılıq, həmçinin mühəndislik və informasiya texnologiyaları kimi prioritet istiqamətlərdə əməkdaşlıq potensialı dəyərləndirilib.

Görüşdə yaxın vaxtlarda gerçəkləşdirilməsi nəzərdə tutulan qarşılıqlı səfərlərin universitetlər arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım olacağına əminlik ifadə edilib. Tərəflər, eyni zamanda qarşıdakı müddətdə əməkdaşlıq memorandumu layihəsinin hazırlanması barədə razılığa gəliblər.

Qeyd edək ki, 1969-cu ildə əsası qoyulan USM Cənub-Şərqi Asiyanın aparıcı elmi-tədqiqat və araşdırma universitetlərindən biridir. Beynəlxalq səviyyədə yüksək reytinqə (QS reytinqində 134-cü yer) malik olan USM ilə əməkdaşlıq yeni mübadilə imkanları, ortaq layihələrin reallaşdırılması və qlobal akademik şəbəkələrə çıxış baxımından əhəmiyyətli üstünlüklər yaradır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər