BMU-İNHA İDP-yə TKTA-nın akkreditasiya şəhadətnaməsi verilib

28 Fevral 2025
BMU-İNHA İDP-yə TKTA-nın akkreditasiya şəhadətnaməsi verilib

Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində icra olunan ikili diplom proqramlarının akkreditasiyası başa çatıb.  

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) bu akkreditasiyadan uğurla keçib. 2023-cü il tarixində BMU-İNHA İDP-də aparılan akkreditasiyanın nəticələrinə əsasən İDP-nin 4 ixtisası “əsasən uyğundur” kimi qiymətləndirilib və növbəti 5 il üçün akkreditasiya olunub.

Akkreditasiya şəhadətnamələrinin təqdim olunması mərasimində BMU-nun tədris işləri üzrə prorektoru, İDP-nin Rəhbər Komitəsinin həmsədri Həmzağa Orucov, proqramın direktoru Humay Cəfərli və layihə rəhbəri Hyunjin Yang iştirak ediblər.  

Tədbirdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov və ikili diplom proqramlarının təmsilçiləri proqramların daha səmərəli fəaliyyət göstərməsi istiqamətində fikir mübadiləsi aparıblar. Eyni zamanda proqramların əhatə dairəsinə uyğun kadr hazırlığının daha da təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda akkreditasiya şəhadətnamələri proqram rəhbərlərinə təqdim olunub.

2020-ci ildən icra olunan BMU-İNHA İDP çərçivəsində “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisaslarına ümumilikdə 400 tələbə qəbul olub. 2024-cü ildə proqramı ilk dəfə bitirən 61 məzunun bir çoxu hazırda dünyanın top universitetlərində magistratura təhsili alır. Eyni zamanda məzunların bir qismi aparıcı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olur.   

3+1 modelinə əsaslanan proqrama uyğun olaraq hazırda İNHA Universitetində 4-cü tədris ili üzrə 83 tələbə təhsil alır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər