BMU-İNHA-İDP üzrə təhsil alan tələbələrlə görüşlər təşkil olunub

29 Oktyabr 2024
BMU-İNHA-İDP üzrə təhsil alan tələbələrlə görüşlər təşkil olunub

Bakı Mühəndislik Universitetində Koreya Respublikasının İNHA Universiteti ilə birgə icra edilən tam dövlət taqaüdlü ikili diplom proqramına (BMU-İNHA İDP) 2022 və 2023-cü tədris illərində qəbul olan tələbələrlə ayrı-ayrılıqda görüşlər təşkil olunub.

Görüşlər proqramın informasiya texnologiyaları, inşaat, elektrik və elektronika mühəndislikləri ixtisaslarında təhsil alan II kurs tələbələrinin bu ilin yayında Koreyada təşkil olunmuş yay məktəbi ilə bağlı təəssüratlarını, eləcə də hazırkı semestrin gedişatı ilə bağlı fikirlərini dinləmək, o cümlədən III kursların gələn il İNHA Universitetində davam edəcək təhsilləri ilə bağlı zəruri məqamları müzakirə məqsədilə gerçəkləşdirilib.

BMU-İNHA-İDP-nin direktoru Humay Cəfərli 3+1 modeli əsasında həyata keçirilən beynəlxalq proqramın üstünlüklərindən danışaraq, tələbələrin təhsillərinin 1 ilinin Koreyada davam etməsinin onların həm yüksəkixtisaslı kadr kimi yetişmələrinə müsbət təsirini, həmçinin Koreya mədəniyyəti  ilə yaxından tanışlıq fürsəti qazandırdığını bildirib. Əlavə edib ki, bu proqram üzrə təhsil almaq gənclərə Koreya dilini öyrənməklə yanaşı, ingilis dili bacarıqlarını da inkişaf etdirmək üçün yaxşı imkanlar yaradır.

Sonra tələbələrin dərslərinin gedişatı, tədrisə dair onların rəy və təklifləri, o cümlədən  Koreyada təşkil olunmuş yay məktəbi ilə bağlı təəssüratları dinlənilib. Eyni zamanda onları narahat edən suallara proqramın əməkdaşları tərəfindən aydınlıq gətirilib.

İDP-nin idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang isə tələbələrin Koreya dili dərslərində üzləşdikləri problemlərə, habelə onları maraqlandıran digər məsələlərə münasibətini açıqlayıb. 

Bundan başqa, gələn il sonuncu kursu İNHA Universitetində oxuyacaq tələbələrə səfər öncəsi bütün zəruri informasiyaların çatdırılacağı bildirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər