BMU-İNHA İDP tələbələri üçün yay məktəbi başlayıb

09 İyul 2025
BMU-İNHA İDP tələbələri üçün yay məktəbi  başlayıb

Bakı Mühəndislik Universitetində Koreyanın İNHA Universiteti ilə icra olunan ikili diplom proqramının tələbələri (BMU-İNHA İDP) üçün növbəti “Yay məktəbi”nə start verilib.

İNHA Universitetinin 15 nəfər professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi”ndə “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə dərslər keçirilir.

 Akademik tədris ilinin davamı hesab olunan və iyulun 25-də başa çatacaq “Yay məktəbi”ndə koreyalı professor və müəllimlər sözügedən ixtisaslar üzrə “Siqnallar və sistemlər”, “Rəqəmsal məntiqi dövrə”, “Ətraf mühit və laboratoriya”, “Geodeziyanın əsasları və təcrübə”, “Maşın öyrənməyə giriş”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”, “Rəqəmsal siqnalların emalı”, “Avtomatik idarəetmə”, “Elektron dövrələri - II” fənlərini tədris edəcəklər.

 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında həyata keçirilən BMU-İNHA İDP-nin icrasına 2020-ci ildə başlanılıb. 3+1 modelinə əsaslanan proqram çərçivəsində ümumilikdə 319 tələbə təhsil alır. Proqramdan 61 tələbə məzun olub, bu il isə 83 tələbənin məzun olması gözlənilir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər