BMU-İNHA İDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 May 2025
BMU-İNHA İDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) IV kurs tələbələri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına növbəti qəbul imtahanı keçirilib.

BMU rektoru Yaqub Piriyevin təşəbbüsü ilə ötən ildən etibarən onlayn formada gerçəkləşdirilən imtahanlar Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə təşkil olunub.

Builki imtahanda 64 tələbə iştirak edib. İNHA Universitetinin şərait yaratdığı zalda və DİM tərəfindən hazırlanan proqram əsasında keçirilən imtahanlar Bakı vaxtı ilə saat 10:00-da başlayıb. 3 saat 30 dəqiqə davam edən imtahan prosesinə DİM və BMU-İNHA İDP heyəti tərəfindən nəzarət olunub.

Qeyd edək ki, 3+1 modelinə əsaslanan İDP çərçivəsində hazırda 319 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdir. Ötən il proqramdan ilk dəfə 61 nəfər məzun olub. İNHA Universitetində 4-cü tədris ili üzrə təhsil alan 83 tələbə isə bu ilin yay aylarında növbəti məzunlar kimi Azərbaycana dönəcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər