BMU-İNHA İDP tələbələri “Azərbaycan günü” tədbirində iştirak ediblər

21 İyun 2025
BMU-İNHA İDP tələbələri “Azərbaycan günü” tədbirində iştirak ediblər

Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri adıçəkilən ölkənin İnçon şəhərindəki Beqhak ibtidai məktəbində  keçirilən “Azərbaycan günü” adlı tədbirdə iştirak ediblər.

Maarifləndirici və mədəni  xarakter daşıyan tədbir Azərbaycan Respublkasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Seuldakı səfirliyi, İNHA Universitetinin multikulturalizm fakültəsi, İnçon təhsil şöbəsinin dəstəyi ilə baş tutub.

İNHA Universitetinin professoru O Yonq Sob və ali təhsil ocağının müəllimi Leyla Məsimlinin təşəbbüsü ilə təşkil olunan tədbirdə 1-3-cü sinif şagirdlərinə Azərbaycan haqqında, habelə mədəniyyətimiz, milli geyimlərimiz, yeməklərimiz barədə məlumatlar verilib. Eyni zamanda Azərbaycan nağılları səsləndirilib, milli suvenirlər nümayiş olunub.

İkili diplom proqramı çərçivəsində sonuncu kursi İNHA Universitetində təhsil alan BMU tələbələri - Nərgiz Axundova, Nicat Cavadlı, Nihad Məhərrəmov (İnformasiya texnologiyaları ixtisası), Nərmin Teymurlu, Səbinə Əlizadə (Elektronika mühəndisliyi), Şahanə Mirəliyeva, Xanım Mustafazadə, Alsu Cəbrayılova (Elektrik mühəndisliyi), Mələkxanım Əliyeva, Ofeliya Feyzullayeva, Ağahüseyn Hüseynov, Sinarə Quliyeva, Nəzrin Hüseynzadə (İnşaat mühəndisliyi) tədbirdə fəal iştirak ediblər. Onlar  milli musiqi alətlərində mahnılar ifa edib, həmçinin musiqilərimizin sədaları altında rəqs edərək tədbirə xüsusi rəng qatıblar.

Tədbirdə Azərbaycan haqqında təqdim olunan məlumatlara əsasən şagirdlər arasında əyləncəli viktorinalar təşkil olunub, qaliblər mükafatlandırılıb. Şagirdlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sponsorluğu ilə hazırlanmış, üzərində Azərbaycanla bağlı loqolar və simvollar olan xatirə hədiyyələri verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər