Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA-İDP) təşkilatçılığı ilə “Xaricdə təhsil və karyera imkanları” mövzusunda tələbələr üçün məlumat sessiyası keçirilib.
BMU-İNHA-İDP-nin direktoru Humay Cəfərli informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislərin fikirlərini dinləmək, onların təcrübəsi ilə tanış olmağın əhəmiyyətini vurğulayaraq, “Cupi AI” şirkətinin təsisçisi Sabir Əlizadəni tələbələrə təqdim edib.
Özü haqqında sessiya iştirakçılarına ətraflı məlumat verən S.Əlizadə daha sonra proqramlaşdırma sahəsinin aktuallığından, hazırkı imkanlarından, ona artan maraqdan danışıb, informasiya texnologiyaları üzrə xaricdə təhsil və karyera fürsətlərini qeyd edib.
Mütəxəssis, o cümlədən Almaniyada M.ScSoftware System Engineering üzrə təhsil, Meta (WhatsApp), Uber Company Simbrella-da özünün iş təcrübəsini bölüşub və startaplar qurmaq, alqoritmlərlə işləmək, iş axtararkən özəl şirkətlərin diqqətini cəlb edəcək məqamlar, bu zaman müsahibə prosesinin tələbləri ilə bağlı fikirlərini çatdırıb, tələbələrə bir sıra məsləhətlər verib.
Sessiyanın müzakirə hissəsində BMU-nun Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri Rakib Əfəndiyev öz fikirlərini bildirib və bir sıra məsələlərlə bağlı tələbələrə tövsiyələrini çatdırıb.
Sessiyanın sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi