Bakı Mühəndislik Universitetində (BMU) Polşa Respublikasının Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib. Elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
BMU-nun rektoru Yaqub Piriyev qonaqlara universitetin fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları, nəzəriyyənin təcrübədə tətbiqinə imkan verən geniş spektrli laboratoriyaları haqda məlumat verib. Universitetdə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrları hazırlığının aparıldığını deyən rektor BMU və VTU-nun Avropa İttifaqının Erasmus+ layihəsi çərçivəsində tərəfdaş olduqlarını xatırladıb. BMU-nun Memarlıq və inşaat fakültəsinin mövcud imkanlarından bəhs edən Yaqub Piriyev ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etidirlməsinə göstərilən marağı yüksək dəyərləndirib. Eyni zamanda ilkin mərhələdə inşaat və memarlıq sahəsində başlayan əməkdaşlığın digər sahələrdə də davam etdirilməsi üçün yüksək potensialın olduğunu və bu əlaqələrin hər iki tərəfin gələcək fəaliyyətinə töhfə verə biləcəyini vurğulayıb.
Sonra professor Artur Zbiciak VTU ilə bağlı geniş təqdimatlarla çıxış edib. İlkin təqdimatda ali təhsil müəssisəsinin tarixi, fakültə, ixtisas və tələbə sayı üzrə statistika, elmi nəşrlər, tədqiqat imkanları, beynəlxalq əməkdaşlıq kimi istiqamətlərə toxunulub. Universitetin təklif etdiyi proqramların akademik keyfiyyəti, ingilis dilində bakalavr və magistr təhsili barədə də danışan professor digər təqdimatında Elmi işlər üzrə dekan müavini kimi çalışdığı İnşaat mühəndisliyi fakültəsinin fəaliyyəti və fakültə üzrə əməkdaşlıq sahələri haqda zəruri informasiyaları nəzərə çatdırıb.
VTU-nun adıçəkilən fakültəsinin İnşaat və texniki layihələndirmə kafedrasının rəhbəri, professor Nəbi İbadov isə universitetlər arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikirlərini paylaşıb.
Sonra nümayəndə heyəti BMU-nun kampusu, Memarlıq və inşaat fakültəsi, Texnoparkı, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən təcrübələr, tələbə yönümlü tədqiqat işləri, sənaye ilə əməkdaşlıq və s. məsələlər haqda ətraflı məlumatlar verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi