BMU ilə “Norm” ASC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

01 İyul 2022
BMU ilə “Norm” ASC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Norm” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və  “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse imzalayıb.

Rektor Havar Məmmədov Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılması, eyni zamanda  ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması yönündə universitetlər və istehsal müəssisələri arasında əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini vurğulayıb.  Ali təhsil ocağının rəhbəri bu baxımdan “Norm” ASC ilə qurulan əməkdaşlığın yeni iqtisadi çağırışlara uyğun rəqabət qabiliyyətli mütəxəssis, kadr hazırlığına töhfə verəcəyinə əminliyini bildirib.

“Universitet-sənaye əməkdaşlığı” istiqamətində  BMU-da görülən işləri qeyd edən Havar Məmmədov indiyə qədər 60-dan artıq şirkət və dövlət müəssisəsi ilə əlaqələrin qurulduğunu və davam etdirildiyini, müxtəlif müəssisələrdən gələn 44 təcrübə proqramında tələbələrin iştiraklarının təmin  olunduğunu söyləyib.

Rektor çıxışında BMU-nun yaranma tarixi, ali təhsilin bütün səviyyələri üzrə aparılan mühəndis kadrlarının hazırlığı, həyata keçirilən fundamental və tətbiqi elmi tədqiqatlar haqda da qonaqlara geniş məlumat verib və universitetdə fəaliyyətin, o cümlədən təlim-tədris prosesinin təxminən 90 faizinin elektronlaşdırıldığını fikirlərinə əlavə edib.

“Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse də təmsil etdiyi qurumun ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini, istehsalat təcrübələri əsasında universitetlərin kadr hazırlığı proseslərinə dəstək verilməsinə maraq göstərdiyini bildirib. İcraçı direktor BMU ilə əldə olunan razılşamanın əhəmiyyətini önə çəkərək, kifayət qədər geniş sahələri əhatə edən bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini vurğulayıb.

Sonra “Norm” ASC-nin fəaliyyətini, eləcə də BMU ilə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərini əks etdirən təqdimat diqqətə çatdırılıb.

Bildirilib ki, əməkdaşlıq sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişafı və ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, eyni zamanda dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiqi və sahibkarlıq subyektlərinin maarifləndirilməsinə köməklik göstərilməsi məqsədi daşıyır.

Bu əməkdaşlığa uyğun olaraq, BMU-nun mühəndislik, iqtisadiyyat, maliyyə, biznes və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələrinin tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, eləcə də magistrantların dissertasiya mövzularının müəssisənin həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndirməsinə şərait yaradılacaq. Həmçinin BMU tələbələri ASC-də istehsalat təcrübəsi keçəcək, ali təhsil ocağının müəllim heyəti isə “Norm” tərəfindən təşkil olunan təlim və seminarlara qatılacaqlar. Bundan əlavə, sənayenin aktual problemlərinin həllində rol oynayan ixtisasların açılmasına dair araşdırmaların aparılması məqsədi ilə birgə layihələr həyata keçiriləcək.

Bütövlükdə əməkdaşlığın istiqamətləri sırasına qarşılıqlı informasiya, bilik və təcrübə mübadiləsi və məsləhətləşmələrin aparılması, tərəflərin fəaliyyəti və icra edəcəyi layihələri ilə əlaqədar məlumat mübadiləsi, hər iki tərəfin maraq dairəsinə daxil olan mövzular üzrə müxtəlif statuslu elmi və elmi-texniki konfransların keçirilməsi, razılaşma çərçivəsində müəyyən edilmiş tələblərə cavab verən tələbələr üçün təcrübə proqramlarının təşkili, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə ixtisasartırma kurslarının təşkil edilməsi kimi məsələlər daxildir.

Əməkdaşlıq çərçivəsində tələbələri “Norm” ASC-nin fəaliyyəti, mövcud kadr təlabatı haqqında məlumatlandırmaq məqsədilə universitetdə “Karyera günləri”nı keçirmək, eləcə də şirkətin aparıcı mütəxəssislərinin müvafiq sahələrdə tədris prosesinə cəlb edilməsi üçün şərait yaradılması da nəzərdə tutulur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər