BMU ilə Çinin Şandong Texnologiya Universiteti arasında memorandum imzalanıb

14 İyul 2025
BMU ilə Çinin Şandong Texnologiya Universiteti arasında memorandum imzalanıb

Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində Şandong Texnologiya Universitetində olub.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül və Şandong Texnologiya Universitetinin prorektoru Chen Shengvei arasında keçirilən görüşdə iki universitetin əlaqələrinin formalaşması nəzərdən keçirilib,  "2+2" modeli əsasında beynəlxalq bakalavr proqramları, tədrisə dair digər proqramlarda mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş çərçivəsində BMU-da Çin Mərkəzi, Şandong Texnologiya Universitetində isə Azərbaycan Mərkəzinin yaradılması barədə razılıq əldə edilib.

Müzakirələrin ardınca iki ali təhsil ocağı arasında anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində akademik əlaqələri inkişaf etdirməyin əhəmiyyəti vurğulanıb, habelə bu əməkdaşlığın Azərbaycan ilə Çin arasında təhsil, tədqiqat, texnologiyalar sahəsində münasibətləri gücləndirərəcəyi, iki ölkənin strateji əməkdaşlığının inkişafına müsbət təsir göstərəcəyi ifadə edilib. Eyni zamanda, bu əlaqələrin BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) 4-cü (keyfiyyətli təhsil) və 17-ci (ortaq həll yolları və əməkdaşlıq) istiqamətlərini dəstəklədiyi bildirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər