Bakı Mühəndislik Universitetində (BMU) Çinin Qinqdao Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində görüşlər keçirilib.
Əvvəlcə BMU-nun Memarlıq və inşaat fakültəsində baş tutan görüşdə Qinqdao Texnologiya Universitetinin nümayəndəsi Zaur Cəfərovla qarşılıqlı tələbə-müəllim mübadiləsi, Çində təhsilin üstünlükləri, azərbaycanlı gənclərin adıçəkilən ali təhsil ocağına cəlbi, bunun üçün nəzərdə tutulan prosedurlar və seçim mərhələləri, eləcə də digər məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Sonra BMU-nun İnşaat mühəndisliyi, Mexanika mühəndisliyi ixtisaslarının magistr və bakalavr pillələrində təhsil alan tələbələrlə görüş təşkil olunub.
Tədbirdə Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifov çıxış edərək görüşün əhəmiyyəti haqqında fikirlərini bildirib.
Daha sonra Z.Cəfərov video-təqdimatla çıxış edib. Qinqdao Texnologiya Universitetinin nümayəndəsi Çində təhsil imkanları, tələbat duyulan ixtisaslar, tələbə və məzunların işlə təminatı və s. məsələlər haqda geniş məlumatları diqqətə çatdırıb.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi