BMU ilə “BS-Avtomatika” MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

17 Aprel 2024
BMU ilə “BS-Avtomatika” MMC  arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə “BS-Avtomatika” MMC  arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Rektor Yaqub Piriyevlə MMC-nin direktoru Pünhan Seyidovun imzaladığı sənəd universitetdə avtomatika, elektronika və energetika yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığında tərəflərin maddi-texniki bazalarından və insan resurslarından qarşılıqlı istifadə üzrə əməkdaşlıq məqsədi daşıyır.

Bir çox istiqamətləri ehtiva edən razılaşmaya əsasən, ali təhsil müəssisəsi və MMC universitetin kitabxana-informasiya sisteminin informasiya resurslarının zənginləşdirilməsi, tələbələrin istehsalat təcrübəsinin, həmçinin “BS-Avtomatika”nın istehsal sahələrinə ekskursiyalarının təşkili, ixtisaslaşdırılmış iş yerlərinin yaradılması, müvafiq avadanlıq və proqram təminatı ilə təchiz edilmə layihəsinə dəstək, məzunlar üçün karyera imkanlarının yaradılması və s. kimi sahələrdə əməkdaşlıq edəcəklər.

Bundan əlavə, MMC-nin rəhbər və aparıcı mütəxəssislərinin  tədris prosesinə, eləcə də tələbələrin buraxılış işlərinə və magistrlik dissertasiyalarına rəhbərliyə cəlbi nəzərdə tutulur. Bu məqsədlə “BS-Avtomatika”nın binasında universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının filialının yaradılması, orada BMU mütəxəssisləri tərəfindən MMC-nin xidmət göstərdiyi strukturların əməkdaşlarına müxtəlif kursların proqramları çərçivəsində təlimlərin keçirilməsi planlaşdırılır.

İmzalanma mərasimi tərəflər arasında maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər