Bakı Mühəndislik Universiteti (BMU) ilə “Azərenerji” ASC-nin strukturuna daxil olan Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu bir sıra istiqamətlər üzrə əməkdaşlıq edəcək. Tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən bu əməkdaşlıq BMU-da Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan və hazırda icra olunan “Bakalavriat səviyyəsində “Elektrik və Elektronika” qruplarında yeni məzmunun yaradılması və tədrisinin təşkili” layihəsi çərçivəsində həyata keçiriləcək.
Belə ki, yeni mərhələyə qədəm qoyan layihə üzrə fənlərin maddi-texniki bazasının yaradılması üçün Almaniyanın “Leybold Didaktik” şirkətinin istehsalı olan laboratoriya avadanlığı və cihazlar alınıb. Növbəti mərhələdə fənlərin tədrisində laboratoriya işlərinin yazılarının tərtib olunması, avadanlıq və cihazların istismara hazır vəziyyətə gətirilməsi işləri gerçəkləşdiriləcək.
Artıq BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının professor-müəllim heyəti tərəfindən “Elektrik və elektronika mühəndisliyi” ixtisasının tədris planına daxil olan 15 fənn üzrə proqramlar tərtib edilib. Proqramlarda əmək bazarının mütəxəssis hazırlığına dair irəli sürülən tələbləri və energetika sahəsində çalışan mütəxəssislərin rəy və təkliflərini əks etdirmək əsas hədəf kimi götürülüb. Bu məqsədilə proqramların “Azərenerji” ASC-nin strukturuna daxil olan Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda müzakirə edilməsinə qərar verilib və BMU-nun yuxarıda adı qeyd olunan kafedrasının professor-müəllim və tədris-köməkçi heyəti tam tərkibdə institutun müxtəlif profilli Laboratoriya Mərkəzi və Tədris Mərkəzinin işi ilə tanış olublar.
Sonra institutun rəhbər heyəti ilə görüş keçirilib və fənn proqramlarının məzmunu ətrafında geniş müzakirələr aparılıb. İnstitutun direktoru vəzifəsini icra edən texnika elmləri namizədi, dosent Aytək Babayeva və Enerjisistemin perspektiv inkişafı şöbəsinin rəisi texnika elmləri namizədi, dosent Valeh Nəsibov qurumun fəaliyyətinin əsas istiqamətləri haqqında qonaqları məlumatlandırıblar.
BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, kafedranın dosenti Manafəddin Namazov və kafedranın müdiri professor Ramiz Hümbətov fənlərin proqramlarında energetika sahəsindəki müasir tendensiyaların əks olunmasının və mütəxəssis hazırlığında birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
İnstitutun Tədris Mərkəzinin rəhbəri fizika-riyaziyyat elmləri namizədi, dosent Hikmət Əliyevin və mərkəzin direktor müavini Mahir Xeyirxəbərovun fənlərin proqramlarında dəyişikliklər və əlavələr etmək üçün verdikləri təkliflər müsbət qiymətləndirilib.
Görüşdə tələbələrdə seçdikləri sahəyə maraq oyatmaq məqsədilə institutun rəhbər heyəti və aparıcı mütəxəssisləri ilə görüşlərin, həmçinin laboratoriya və tədris mərkəzlərinə ekskursiyaların təşkili razılaşdırılıb. BMU-nun adıçəkilən kafedrasında fənlərin tədrisi, buraxılış işlərinin və magistr dissertasiyalarının rəhbərliyinə institut əməkdaşlarının cəlb olunması, proqramlarda yer alan bir sıra mövzular üzrə dərslərin institutun tədris mərkəzində keçirilməsi də razılaşdırılan məsələlər sırasında yer alıb.
İctimaiyyətlə əlaqələr şöbəsi