Bakı Mühəndislik Universiteti (BMU) ilə “Azerbaijan Coca-Cola Bottlers” MMC arasında “Qadınlar üçün Təqaüd Proqramı” çərçivəsində əməkdaşlıq razılaşması imzalanıb. Sənədi universitetin rektoru, professor Havar Məmmədov və MMC-nin baş direktoru Rəna Məmmədova imzalayıblar.
Razılaşmaya uyğun olaraq, tərəflər sözügedən proqram əsasında qadınların təhsil və karyerasına dəstək olmaq üçün birgə fəaliyyət göstərəcəklər. Belə ki, sənəd tələbələrin təhsil həyatında dəstəklənməsi, liderlik bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, eyni zamanda onların şirkətin fəaliyyətinə cəlb olunması, işlə təmin edilməsi məqsədi daşıyır.
Görüşdə Havar Məmmədov ölkəmizdə qadınların cəmiyyətdəki artan rolu, dövlət idarəçiliyi sistemi, eləcə də müxtəlif peşə sahələrində qadınların uğurla təmsil olunması və onlar üçün dövlət tərəfindən yaradılan şərait haqda danışıb. Çıxışında rəqabətqabiliyyətli əmək bazarı şəraitində müasir kompetensiyalara malik kadr hazırlığı üzrə sənaye-universitet əməkdaşlığının zəruriliyinə diqqət çəkən rektor müəssisələr tərəfindən həyata keçirilən bir sıra innovativ layihələrdə universitet tələbələrinin iştirakı, tələbələrin əldə etdikləri təcrübənin sənayenin müxtəlif sahələrində tətbiqi, məzunların ixtisas sahələrinə uyğun əmək fəaliyyəti və işlə təminatı, eləcə də digər məsələlərə toxunub. Havar Məmmədov mövcud razılaşmanın qadın tələbələr qarşısında geniş imkanlar açacağına və onların gələcək fəaliyyətlərində faydalı ola biləcəyinə ümidvar olduğunu vurğulayıb.
“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova isə rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyəti, eləcə də investisiya istiqamətləri haqda ətraflı məlumatları nəzərə çatdırıb. “Qadınlar üçün Təqaüd Proqramı”nın MMC-nin insan resurslarına olan tələbatının ödənilməsi məqsədilə hazırlandığını deyən baş direktor qeyd edib ki, BMU ilə birgə əməkdaşlıq çərçivəsində yetişdiriləcək qadın kadrların yalnız Azərbaycanda deyil, şirkətin fəaliyyət göstərdiyi digər ölkələrdə də işlə təmin olunması üçün böyük fürsətlər mövcuddur.
Görüşdə əməkdaşlığın detalları geniş müzakirə olunub, həmçinin tərəflər arasında maraq doğuran digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi