Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu məqsədlə BMU-da keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik sürətdə yiyələnməsi tələb olunmaqdadır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə intellektual kapitalın inkişafı, eləcə də informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirdiyi sosial-iqtisadi siyasətə uyğun olaraq universitetimizdə müvafiq işlər həyata keçirilməkdədir. Universitetdə Texnopark və İnnovasiya Mərkəzi fəaliyyət göstərir ki, burada innovasiyaların, eləcə də innovativ sahibkarlığın, startapların inkişafına dəstək veririk”.
Rektor ölkəmizdə innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan BMU-nun bu sahədə müxtəlif şirkətlərlə əməkdaşlıq etdiyini nəzərə çatdırıb: “BMU tədris prosesi ilə yanaşı, elmi-tədqiqat işlərinin aparılması, dünyada mövcud qlobal problemlərin həlli istiqamətində tədqiqatların təşkili və tədris prosesinə inteqrasiyasına böyük önəm verməkdədir”. BMU-nun AMEA-nın adıçəkilən müvafiq qurumları ilə əsası qoyulan əməkdaşlığına toxunan H.Məmmədov ümidvar olduğunu bildirib ki, əməkdaşlıq tədris prosesinə elmin inteqrasiyasına, tələbələrin elmin incəliklərinə yiyələnməsinə, yeni elmi nəticələrin alınmasına və onların kommersiyalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, birgə fəaliyyət aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan innovasiya ekosisteminin güclənməsinə, innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verəcək.
AMEA Strateji Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev qeyd edib ki, BMU innovasiyalar, eləcə də innovativ sahibkarlıq və startaplar yüksək səviyyədə inkişaf edib: “BMU ilə bağladığımız əməkdaşlıq bizim işimizin ümumi inkişafına xüsusi töhfə olacaq. Biz çalışacağıq ki, layihələrdə iştirak edən tələbələrə lazımi şərait yaradılsın. Eyni zamanda, biz də sizin müasir laboratoriyalarınızdan istifadə edəcəyik. İnanıram ki, əməkdaşlığımız tərəflərlə yanaşı ölkəmizdə bu sahənin inkişafına bir töhvə olacaq”.
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxışında əməkdaşlığın uğurlu olacağını vurğulayıb. O bildirib ki, hər üç tərəfin kifayət qədər elmi və təcrübi potensialı var. Bu əməkdaşlıq sayəsində yeni innovativ elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların işlənilməsi həyata keçiriləcək.
Digər çıxışlardan sonra BMU-nun rektoru, professor Havar Məmmədov, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi direktoru, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev əməkdaşlıq müqaviləsini imzalayıblar.
Müqavilənin məqsədi BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır.
Sənəddə bir çox istiqamətlərdə (tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, birgə elmi-praktik tədbirlərin təşkil olunması, təhsillə bağlı layihələrdə birgə iştirak, elmi əsərlərin, tədris və tədris-metodik resursların hazırlanması, tələbələrin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kursların təşkili, sənayenin aktual problemlərinin həllində birgə elmi-tədqiqat işlərinin aparılması, layihələrin həyata keçirilməsi və s.) birgə əməkdaşlıq məsələləri öz əksini tapıb.
Sonda qonaqlar BMU-nun maddi-texniki bazası ilə tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi