Bakı Mühəndislik Universiteti (BMU) ilə AIESEC təşkilatı arasında ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb və yaxın zamanda təşkilatın təcrübə proqramları haqqında tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər universitetin müxtəlif ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələrin, həmçinin məzunların müxtəlif təcrübə proqramlarından xəbərdar olmasını, beynəlxalq təcrübə qazanmasını nəzərdə tutur.
AIESEC-in təcrübə proqramında iştirak edən gənclər xaricdə iş təcrübəsi qazanmaq, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olmaq, dünyanı kəşf etmək imkanı əldə edirlər. Artıq 15 ildən çoxdur ki, təşkilat Azərbaycan gənclərinin inkişafında əhəmiyyətli şəkildə rol oynayır. Hazırda “AIESEC Azərbaycan” təşkilatının ölkəmizdə 200-dən artıq aktiv üzvü vardır. Ölkəmizdə fəaliyyətdə olduğu gündən 10.000-dən çox gəncin şəxsi inkişafına töhfə vermiş təşkilat hələ də bu missiyasını davam etdirir.
AIESEC-in Global Volunteer, Global Teacher, Global Talent kimi təcrübə proqramları mövcuddur.
Global Volunteer 6-8 həftəni əhatə edən beynəlxalq könüllülük proqramıdır. Proqrama qoşularaq müxtəlif sosial layihələrdə iştirak etmək, öz dil biliklərini inkişaf etdirmək, beynəlxalq dostlar qazanmaq və digər ölkələrin mədəniyyətləri ilə tanış olmaq imkanı əldə etmək mümkündür.
Global Talent universitet tələbələri və ya məzunlarının ixtisaslaşmaq istədikləri sahələrə uyğun olaraq xaricdə peşəkar təcrübə qazanmasını hədəfləyən beynəlxalq bir proqramdır. Proqram gənclərə nəzəri biliklərini tətbiq etmək imkanı yaradır. Startap, biznes mərkəzləri və beynəlxalq şirkətlərdə qazandıqları bu peşəkar təcrübə onları iş həyatlarında rəqiblərindən bir addım öndə edir.
Global Teacher bu sahədəki tələbələrin və gənc məzunların xaricdəki qeyri-hökumət təşkilatlarında, təhsil müəssisələrində və ya beynəlxalq məktəblərdə təcrübə qazanması üçün hazırlanmış proqramıdır. İştirakçılar beynəlxalq təhsil mühitində çalışaraq müəllimlik bacarıqlarını inkişaf etdirməklə yanaşı, fərqli bir mədəniyyətin sosial inkişafına töhfə vermiş olurlar.
Qeyd edək ki, AIESEC dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatıdır. Hazırda təşkilatda 44.000-dən artıq aktiv könüllü fəaliyyət göstərir. Yarandığı gündən etibarən 1 milyondan çox gəncin şəxsi inkişafına səbəb olan AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxararaq, onların inkişafına töhfə verməkdir. Bundan əlavə AIESEC müxtəlif proqramlar vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı da yaradır.
İctimaiyyətlə əlaqələr şöbəsi