BMU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

22 May 2025
BMU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bakı Mühəndislik Universiteti (BMU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ali məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Şikar Qasımovun başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən öz ərizəsi əsasında ayrıldığını və iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacağını diqqətə çatdırıb. Prorektor BMU HİK-in ayrı-ayrı istiqamətlərdə, o cümlədən sosial durumu həssas olan əməkdaşlarla bağlı gördüyü işlərə diqqət çəkib,  ümumilikdə komitənin fəaliyyətinin müsbət olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə isə çıxışında  təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi son yeniliklər barədə ətraflı məlumat verib. BMU HİK-in fəaliyyətini müsbət dəyərləndirən Mirzə Cəfərzadə ATİAHİ ilə komitənin daha sıx əməkdaşlığına dair bir sıra məsələlərə toxunub.

Çıxışlardan sonra Şikar Qasımova BMU və ATİAHİ rəhbərlikləri adından səmərəli fəaliyyətinə görə fəxri fərmanlar təqdim edilib, ona gələcək işlərində uğurlar arzulanıb. Öz növbəsində Şikar Qasımov fəaliyyətinə verilən yüksək qiymətə görə hər iki qurumun rəhbərliyinə təşəkkür edib.

İclasda yeni sədr vəzifəsinə BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Ləman Şərifovanın namizədliyi irəli sürülüb. Bildirilib ki, universitetin sosial və ictimai həyatında fəallığı ilə seçilən Ləman Şərifova Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində də uğurla fəaliyyət göstərib. O,  komitə üzvlərinin yekdil səsi ilə HİK-in yeni sədri seçilib.

Ləman Şərifova ona göstərilən etimada görə minnətdarlıq edib və vəzifəsinin öhdəsindən layiqincə gəlmək, universitetin Həmkarlar İttifaqının fəaliyyətinin daha sistemli şəkildə qurulması üçün səylə çalışacağını bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər