Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının baş müəllimi, akademik məsləhətçi Sevda Hüseynova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA), “Elsevier” və “Clarivate” şirkətlərinin ilk dəfə birgə həyata keçirdiyi 4 aylıq elmmetriya üzrə “TOP ADVISOR” mütəxəssis hazırlığı proqramında iştirak edib.
Proqram “Scopus” və “Web of Science” kimi nüfuzlu elmmetrik və bibliometrik bazaları ölkəmizdə ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirmək məqsədilə təşkil olunub.
Proqrama 150 müraciətçi arasından 70 nəfər seçilib və onlardan 28 nəfər, o cümlədən Sevda Hüseynova proqramı uğurla başa vuraraq “Elsevier” və “Clarivate” şirkətlərinin birgə sertifikatını qazanıb. Sertifikat EATDA-nın direktoru Ülkər Səttarova tərəfindən BMU müəlliminə təqdim olunub.
Proqramın bağlanış mərasimində BMU əməkdaşı universitetin elmmetrik göstəriciləri və qarşıda duran tədqiqat hədəfləri barədə təqdimatla da çıxış edib.
İctimaiyyətlə əlaqələr şöbəsi