Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Qarabağ” klubunun birgə təşkilatçılığı ilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
BMU tələbələrinin iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən BMU-nun baş müəllimi Elnur Nəciyev Zəfərə gedən yola nəzər salmaq üçün əvvəlcə bu Zəfərin necə inşa olunmasından danışmağın vacibliyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin tariximizin düzgün öyrənilməsi, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində əhəmiyyətli fəaliyyətini, bu ənənələrin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsini 44 günlük müharibədə qazanılan möhtəşəm Qələbənin güclü təməli kimi qiymətləndirib. BMU müəllimi dogma torpaqlarımızın işğal tarixlərinin yerinə artıq həmin ərazilərin azadlıq tarixlərinin keçməsinin, ayrı-ayrı şəhər günlərinin təsis edilməsinin qürurverici olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən ehtiyatda olan mayor İlkin Ağazadə tələbələrə hərbçi kimi fəaliyyətindən, Füzuli, Xocavənd, Qubadlı, Cəbrayıl rayonlarının azadlığı üçün aparılan döyüşlərdə iştirakından danışıb. Vətən müharibəsində düşmənin sivil insanları hədəf alaraq, onların iradəsini qırmaq cəhdlərinin mənasızlığını qeyd edən İ.Ağazadə xalqımızın mətinliyinin, Ali Baş Komandanın qərarlarını sona kimi dəstəkləməsinin düşməndə məyusluq yaratdığını deyib. Döyüş xatirələrini bölüşən ehtiyatda olan mayor gənclərin cəbhə bölgəsində yaralılara kömək, əsgərləri lazımı qida ilə təmin etmək üçün göstərdikləri könüllülük fəaliyyətlərinə də toxunub, onların fədakarlığının hər bir döyüşçüdə gözəl hisslər doğurduğu, hafizələrdə silinməz izlər qoyduğunu bildirib.
Sonda çıxış edən I Qarabağ müharibəsinin qazisi, BMU-nun baş müəllimi Yalçın Zeynalov dövlət-xalq birliyi, silahlı qüvvələrimizin inkişaf mərhələləri, ordunun müasir silahlarla təmin olunması nəticəsində qazanılan Zəfərdə vətənpərvərlik hislərinin xüsusu rolunu qeyd edib. O, gəncləri tariximizi dərindən öyrənməyə, təbliğ etməyə, hər zaman vətənsevər olmağa çağırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi