Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası (əyani formada) davam edir. İyunun 1-dən start götürən sessiyanın arxada qalan dövrü ərzində 913 imtahan təşkil olunub. Keçirilən imtahanlarda bakalavr və magistratura səviyyələri üzrə indiyə qədər ümumilikdə 4500-ə yaxın tələbə iştirak edib.
İmtahan nəticələri imtahan keçirildiyi gün fənn müəllimi tərəfindən universitetin Elektron Məlumat Sisteminə yerləşdirilir.
Nizam-intizama ciddi şəkildə riayət olunan imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək şikayətləri operativ şəkildə aradan qaldırmaq, həmçinin sessiyanın gedişinə daimi nəzarəti həyata keçirmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası fəaliyyət göstərir.Tələbələr imtahan bitdikdən sonra 1 gün ərzində ərizə ilə komissiyaya müraciət etmək hüququna malikdirlər.
Hər bir müraciət komissiya sədrinin və üzvlərinin iştirakı ilə dekan, kafedra müdiri, fənni tədris edən müəllim, həmçinin həmin fənni tədris edən başqa bir müəllim tərəfindən dinlənilir. Ardınca tələbənin verdiyi cavab yenidən oxunur, fənni tədris edən müəllimin tələbənin iradına münasibəti bildirildikdən sonra komissiya müvafiq qərar verir.
20 iyun tarixinə olan məlumata əsasən, Apelyasiya Komissiyasına cəmi 197 müraciət daxil olub. Onlardan 167 müraciət komissiya tərəfindən yoxlanılıb və təxminən 30 faizi tələbələrin xeyrinə həll edilib.
5 iyul tarixinədək davam edəcək imtahan sessiyasında ümumilikdə 1100 imtahanın keçirilməsi nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi