Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Anım tədbiri Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xocalı faciəsinin tarixi xronikasını əks etdirən film nümayiş olunub.
BMU-nun rektoru, professor Havar Məmmədov çıxışında Xocalı faciəsinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu vurğulayıb. Rektor bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bunlarla yanaşı, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi naməlumdur.
Rektor ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb. Prezident cənab İlham Əliyevin bu siyasəti yeni dövrün reallıqlarına uyğun davam etdirdiyini vurğulayan H.Məmmədov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan addımlara toxunub.
H.Məmmədov 10 gün öncə Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyini tarixi faktlarla bir daha dünya ictimaiyyətinə çatdırdığını vurğulayıb. Rektor bildirib ki, Cənab Prezident tutarlı, tarixi, rəsmi sənədlərlə Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpağı olduğunu dünya ictimaiyyətinə göstərdi. Azərbaycanın dövlət başçısının qarşısında aciz duruma düşən Paşinyan isə dünya ictimaiyyətinin gözü önündə savadsızlığını, həm tarixi, həm də müasir siyasəti anlamadığını nümayiş etdirdi.
Sonra BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi Arif İbrahimov və Mühəndislik fakültəsinin I kurs tələbəsi Günay İbrahimova çıxışlarında Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan danışıblar.
Sonda tələbələrin ifasında “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi