Bakı Mühəndislik Universitetində (BMU) “Techconnect 2024: Qlobal və yerli mütəxəssislərlə AI və kibertəhlükəsizliyin gələcəyini kəşf et” mövzusunda panel-müzakirə təşkil olunub. Türkiyənin kibertəhlükəsizlik üzrə aparıcı şirkət nümayəndələri Hakan TürkÖner, Özgür Özcan, Rıza Bozkır, yerli şirkət təmsilçilərindən isə Natiq Məmişov, Emil Aydınsoyun iştirakı ilə keçirilən panel müzakirələrə BMU-nun informasiya texnologiyaları sahəsində təhsil alan tələbələri qatılıblar.
Açılış nitqi ilə çıxış edən BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov belə bir görüşün innovativ peşə sahibi olmaq, IT sahəsində püxtələşmək istəyən tələbələr üçün önəmini vurğulayıb və panel müzakirələrdə onları fəal olmağa çağırıb.
Tədbirin moderatoru Alas Akademiyanın rəhbəri Natiq Məmişov rəhbərlik etdiyi qurumun süni intellekt, data analitikası, kibertəhlükəsizlik kimi təlabat yaradan səhələr üzrə ixtisaslaşmasından, burada yerli və qlobal təcrübənin paylaşılmasından, təhsil alan tələbələrin əmək bazarına uyğun mütəxəssis kimi yetişməsindən danışıb, daha sonra “Süni intellektin gələcəyi” mövzusunda qısa məruzə ilə çıxış edib.
Panel-müzakirələrdə Türkiyə şirkətlərinin nümayəndələri Hakan TürkÖnerin, Özgür Özcanın, Rıza Bozkırın “Sosial media və kibertəhlükəsizlik”, “Kibertəhlükəsizlikdə Süni intellektin istifadəsi”, “Generativ Süni İntellekt və DALL-E, ChatGPT kimi Modellərin Yüksəlişi” movzularında məruzələri dinlənilib. Məruzələrdə süni intellektin getdikcə daha da populyarlaşacağı, həyatımızın bütün sahələrinə sürətli nüfuz edəcəyi bildirilib, hansı sahələrdə onun imkanlarından yararlanmağın əhəmiyyətinə toxunulub.
Məruzələr ətrafında maraqlı müzakirələr aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi