BMU-da Xalq yazıçısı Anarın əsərinin müzakirəsi keçirilib

10 Aprel 2023
BMU-da Xalq yazıçısı Anarın əsərinin müzakirəsi keçirilib

 

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə bədii əsərlərin müzakirəsi çərçivəsində keçirilən növbəti tədbir Xalq yazıçısı Anarın “Göz muncuğu” povestinə həsr olunub.

Kafedranın professoru, ədəbiyyatşünas və tənqidçi Akif Hüseynov Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yazıçı, şair, tərcüməçi, ssenarist kimi çoxşaxəli fəaliyyətindən söz açıb. Klassik və modernizmi birləşdirən yazıçının milli ədəbiyyatımızın inkişafında özünəməxsus yer tutduğunu vurğulayan professor adıçəkilən əsərin seçimi, mövzusu və bütövlükdə tədbirin mahiyyəti ilə bağlı fikirlərini bölüşüb.

“Göz muncuğu”nun düşüncə məhsulu olduğunu deyən A.Hüseynov povestin mistik, həmçinin müdrik, bədii-fəlsəfi düşüncələrə yol açdığını, bu baxımdan xüsusi marağa səbəb olan əsərin başqa dillərə tərcümə edildiyini və müxtəlif ölkələrdə nəşr olunduğunu nəzərə çatdırıb.

Kafedranın müdiri Təranə Hacıyeva çıxışında öncə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin müvafiq Fərmanına, eyni zamanda sənəddə yer alan mühüm vəzifələrə diqqət çəkib. T.Hacıyeva Fərmanla ədəbi dil normalarının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinin əsas götürüldüyünü, bu mənada Anarın əsərərinin dilimizin saflığının qorunması və zənginləşdirilməsinə xidmət etdiyini, müzakirə olunan povestdə də bu tendensiyanın pozulmadığını bildirib.

“Göz muncuğu”nun parapsixoloji mövzuda qələmə alındığını söyləyən kafedra müdiri əsərdə sosial, məişət, dini, fəlsəfi, bədii, estetik və digər istiqamətlərin vəhdət təşkil etdiyini və oxucular üçün dəyərli olduğunu vurğulayıb.

Sonra əsər ətrafında geniş müzakirələr aparılıb və tədbir iştirakçıları povestin ictimai əhəmiyyəti ilə bağlı fikirlərini paylaşıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər