Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Memarlıq ixtisasının III kursunda təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd valideynlərlə qarşılıqlı iş birliyini daha da gücləndirmək, müəyyən məsələlərin birgə müzakirəsini təmin etmək olub.
Görüşdə valideynlər BMU-da mövcud olan sağlam mühit, eləcə də tələbələrin dərsə davamiyyəti və tədris prosesini mənimsəmə səviyyələri barədə məlumatlandırılıb. Bununla yanaşı, valideyn-müəllim əlaqələrinin səmərəli təşkilinin əhəmiyyəti, həmçinin valideynlərlə müəllimlərin faydalı ünsiyyət mühitinin yaradılmasının vacib olduğu qeyd edilib. Bu tipli görüşlərin mütəmadi olaraq keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Bundan başqa, görüşdə tələbələrin əl işlərindən ibarət sərgilərə valideynlərin dəvət olunması təklifi də irəli sürülüb və təklif valideynlər tərəfindən müsbət qarşılanıb.
Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov, Memarlıq və dizayn kafedrasının müdiri, professor Sabir Orucov və dosent Vaqif Məmmədovun iştirak etdiyi görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb. Valideynlər belə bir görüşün təşkil olunmasına görə universitetin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi