BMU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

08 Dekabr 2022
BMU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin böyük həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışıb. Rektor bildirib ki, ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin tarix və xalq qarşısında gördüyü işlərin içərisində ən misilsiz xidməti məhz dövlətçiliyin sarsılmaz əsaslarının formalaşdırılmasıdır.

Heydər Əliyevin hakimiyyətdə olduğu dövrün Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olduğunu deyən rektor 15 mindən çox azərbaycanlı gəncin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərildiyini, ölkəmizin gələcəyi üçün güclü kadr potensialının formalaşdırıldığını xatırladıb, həmçinin bütün pillələrdən olan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini nəzərə çatdırıb.

Böyük dühanın xilaskarlıq missiyasından danışan Havar Məmmədov 1993-cü ildə ölkəmizin ən ağır zamanlarında xalqın təkidi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı, məhz bu böyük qayıdışdan sonra Azərbaycanın sabitlik və inkişaf dövrünə qədəm qoyduğunu söyləyib. Rektor vurğulayıb ki, həmin dövrlərdə Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması və qəbul edilməsi, dövlətçiliyin əsaslarının qoyulması kimi ciddi islahatların aparıldığı ölkəmiz qısa müddətdə beynəlxalq aləmdə də öz möhkəm və sarsılmaz yerini bərqərar edə bilib.

Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən rektor işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Ali təhsil ocağının rəhbəri bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandğı şanlı zəfəri ilə başa çatdırıldığını deyib.

Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyətinin xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün ciddi elmi araşdırmalar mövzusu olduğunu da xatırladan Havar Məmmədov Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdırıb, gənclərin Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində ali təhsil ocaqlarının üzərinə düşən önəmli vəzifələri vurğulayıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımızın dərin tənəzzüldən, ölkəmizin ictimai-siyasi pərakəndəlik və anarxiyanın çəngindən xilası yolunda apardığı tükənməz və qətiyyətli fəaliyyətindən söz açıb. Millət vəkili Ümummilli Liderin həyatının bütün mərhələlərində Azərbaycanın inkişafı naminə çalışdığını qeyd edərək, Heydər Əliyevin ömrünü milli həmrəyliyin təmin olunması, dövlət maraqlarının qorunması, dövlətçilik ənənələrinin inkişafı, gücləndirilməsi və yaşadılmasına həsr etdiyini bildirib. Sadiq Qurbanov xalqı və Vətəni üçün misilsiz xidmətlər göstərən Ulu Öndər tərəfindən əsası qoyulan böyük dövlətçilik konsepsiyasının hazırda əmin əllərdə olduğunu, Heydər Əliyevin ideyalarının sədaqətlə həyata keçirildiyini vurğulayıb.

Bu gün ideyaları gerçəkləşdirilən Ulu Öndərin ruhunun şad olduğunu xüsusu vurğulayan millət vəkili Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayaçağını, Ümumilli Liderin bütün nəsillər tərəfindən hər zaman dərin sevgi və böyük məhəbbətlə anılacağını bildirib.

Daha sonra çıxış edən BMU-nun fəal tələbəsi Adəm Babayev Heydər Əliyevin siyasi məktəbinin gənclərə örnək olmasından, Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi çoxşaxəli işlərdən danışıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər