BMU-da Ulu Öndərin tarixi xidmətlərindən bəhs olunub

11 Dekabr 2024
BMU-da Ulu Öndərin tarixi xidmətlərindən bəhs olunub

Bakı Mühəndislik Universiteti (BMU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

BMU tələbələrinin iştirak etdiyi tədbirdə kafedranın müdiri Hümeyrə Mustafayeva görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolu və çoxşaxəli fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Ulu Öndər dərin biliyi, iti zəkası, zəngin təcrübəsi, güclü idarəçilik keyfiyyətləri ilə Azərbaycan xalqına layiqli rəhbərlik edib, ölkəmizi bütün dönəmlərdə ağır sosial-iqtisadi böhranlardan və siyasi təlatümlərdən çıxarıb. Böyük siyasi liderin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasının güclü iqtisadi islahatlara, ölkəmizin hərtərəfli inkişafına təkan verdiyini qeyd edən kafedra müdiri Ulu Öndərin Azərbaycanın mədəni nailiyyətlər qazanması, öz nümunəvi dəyərləri ilə dünyada tanınması, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində inkişafı, xarici universitetlərdə yüksəkixtisaslı milli kadrların hazırlanması istiqamətində atdığı mühüm addımlara da toxunub.

H.Mustafayeva gənclərə unikal şəxsiyyət olan Heydər Əliyevin fəaliyyətini dərindən öyrənməyi tövsiyə edib.

Sonra çıxış edən kafedranın professoru Abbas Seyidov Ümummilli Liderin xilaskarlıq missiyasından, Azərbaycanı parçalanma təhlükəsindən qurtaran güclü xarizmasından danışaraq, ölkəmizin müstəqilliyinin qorunmasını, azad, demokratik prinsiplər çərçivəsində yüksəlişini Heydər Əliyevin xalqımız qarşısında böyük tarixi xidməti kimi qiymətləndirib. Professor deyib ki, Azərbaycanın iqtisadi uğurları, böyük hərbi nailiyyətləri, dünyada söz sahibinə çevrilməsinin təməlində Heydər Əliyev siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi amili dayanır.

Digər çıxışlardan sonra tələbələrin Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı suallarına aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər