BMU-da “Uğurun formulu varmı?” mövzusunda təlim keçirilib

11 Mart 2022
BMU-da “Uğurun formulu varmı?” mövzusunda təlim keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Logistika Klubu”nun təşkilatçılığı ilə “Uğurun formulu varmı?” mövzusunda təlim keçirilib.

BMU-nun Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri, dosent Bəxtiyar Namazov “Logistika Klubu”nun bu təşəbbüsünü yüksək dəyərləndirib. Biznes və hər hansı fəaliyyət sahəsində müvəffəqiyyət qazanmaq üçün ünsiyyət məsələlərinin çox vacib olduğunu bildirən kafedra müdiri bu sahəyə diqqət ayırmağın vacibliyini önə çəkib. O, təlimin tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

Sonra “Karnegi Klub”un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyev təqdimatla çıxış edib. BMU kimi yüksəkixtisaslı mütəxəssislər  hazırlayan qabaqcıl ali təhsil müəssisəsində olmaqdan məmnunluğunu dilə gətirən N.Allahverdiyev təqdimatında insanın inkişafında və həyatında uğur qazanmağın yollarından bəhs edib.  Hər bir insanın özünəməxsus, unikal bir yolu olduğunu söyləyən təlimçi bildirib ki, ümumi olan meyarlar və qanunauyğunluqlar şəxsi formulaya əlavə edildiyi zaman insan özünün şəxsi uğur formulasını həyata keçirmiş olur. O, təhsil, təcrübə,  bilik, bacarıq, ünsiyyət və zamanın düzgün idarə olunmasının əhəmiyyətini diqqətə çatdırıb, bu barədə öz şəxsi təcrübələrini bölüşüb.

Daha sonra interaktiv formada davam edən təlimdə tələbələrin sualları cavablandırılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər