Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə I kurs tələbələri üçün “TGT nədir?” layihəsinin təqdimatı keçirilib.
Təqdimatda BMU TGT-nin sədri Canel Xəlilov tələbələrin hüquqlarının qorunması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində fəaliyyət göstərən qurumun gənclərin qarşısında açdığı geniş imkanlardan danışıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi Fidan Həsənova gənclər təşkilatlarının missiyası, gördüyü işlər, keçirdiyi müxtəlif tədbirlərlə bağlı məlumatları tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, ittifaqın məqsədi ali və orta ixtisas məktəblərində təhsilin inkişafına kömək olmaq, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakına şərait yaratmaqdan ibarətdir.
Sonra BMU-nun Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova universitet həyatının təkcə akademik fəaliyyətlə məhdudlaşmadığını, burada tələbələrin istedadlarının üzə çıxarılması, yaradıcı potensiallarının ortaya qoyulması üçün də hər cür şəraitin olduğunu deyib. O, gəncləri bədii yaradıcılıq klublarında özlərini inkişaf etdirməyə, müxtəlif incəsənət müsabiqələrinə qatılmağa çağırıb.
Bədii hissə ilə davam edən tədbirdə BMU-nun özfəaliyyət rəqs kollektivinin maraqlı rəqs nömrəsi, Teatr studiyası üzvlərinin ailə və məktəb mövzusunda qısa tamaşası, habelə tələbələr Nəzrin Osmanovanın solo rəqsİ, Əli Şükürün isə tarda ifası tədbir iştirakçılarına təqdim olunub. BMU tələbəsi, Sudan vətəndaşı Muhammed Musanın ifa etdiyi “Bir salam verək” Azərbaycan mahnısı zalda böyük alqışlarla qarşılanıb.
Tədbir “Aynabənd” qrupunun ifası ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi