Bakı Mühəndislik Universitetində (BMU) “49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin dörddəbir final mərhələsi keçirilib.
Müsabiqə ICPC-nin Azərbaycan üzrə ev sahibi statusunda olan BMU, o cümlədən ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutub. Müsabiqədə respublikanın 22 ali təhsil müəssisəsindən hər biri 3 tələbədən və 1 liderdən ibarət 51 komanda iştirak edib.
Açılış mərasimində BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı, professor Vaqif Qasımov çıxış edərək universitetdə İT ixtisasları üzrə tələbələrin təhsil alması üçün yaradılan geniş maddi-texniki və tədris bazası haqqında məlumat verib. Eyni zamanda BMU-nun müxtəlif belə tədbirlərə və müsabiqələrə evsahibliyi etdiyini, müsabiqələrin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şərait yaradıldığını deyib və iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə müsabiqəyə ilk dəfə qatılan Qarabağ Universitetinin kafedra müdiri, dosent Ramil Məmmədli və ICPC Azərbaycan münsiflər heyətinin sədri, ADA Universitetinin professoru Fuad Hacıyev çıxış edərək komandalara yarışda uğurlar diləyiblər.
Sonra ICPC Azərbaycanın regional direktoru və koordinatoru, BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Etibar Seyidzadə və texniki komitənin sədri, BMU Elektron sistem inzibatçısı Rauf Süleymanlı Azərbaycan ali təhsil müəssisələrinin bu müsabiqədə iştirakları, əldə edilmiş uğurlar və texniki məsələlər barədə məlumat veriblər.
Müsabiqədə müvəffəqiyyət qazanan və yarımfinala keçən komandalar 13-15 dekabr 2024-cü il tarixində Gürcüstanda keçiriləcək “49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak edəcəklər.
İctimaiyyətlə əlaqələr şöbəsi