Bakı Mühəndislik Universitetində (BMU) kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin inkişafı üçün qurulmuş “Society of Chemical Engineers” cəmiyyəti tərəfindən “Quiz” formatlı intellektual yarış keçirilib.
Adıçəkilən cəmiyyətin rəhbəri Ləman Qasımova və təsisçisi Sənan Süleymanlı iştirakçıları yarışın qaydaları ilə tanış ediblər. Yarışa universitetin kimya mühəndisliyi ixtisası üzrə bütün kursları əhatə edən 13 komanda qatılıb. Nəticələrə əsasən, I yeri “CHE” komandası, II və III yerləri isə “Ionic Celebrities” və “Engineers” komandaları tutub.
Yarışın qaliblərinə hədiyyələr Kimya mühəndisliyi kafedrasının baş müəllimi Cavanşir Salmanov və “Society of Chemical Engineers”in mentoru Rahib Qasımov tərəfindən təqdim edilib.
Tələbələrin dünyagörüşlərinin artırılması və dərsdən kənar vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunan yarışa “EYPC Group” və “AZİMUT” şirkətləri dəstək verib.
İctimaiyyətlə əlaqələr şöbəsi