Bakı Mühəndislik Universitetində (BMU) “YENİ Klub” və "Diksiya Akademiyası" MMC-nin birgə əməkdaşlığı çərçivəsində "Natiqlik sənəti və onun incəlikləri haqqında bu işin mütəxəssisindən dinlə!" adlı təlim keçirilib.
BMU-nun Pedaqoji fakültəsinin Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Zabitə Teymurlu universitetdə tədris prosesində tələbələrə dilin incəlikləri, dilçilik, o cümlədən dilimizin qrammatik qaydaları, dil sisteminin normaları, nitq mədəniyyəti, milli təfəkkürün formalaşması və s. ilə bağlı mövzuların əhatəli öyrədilməsindən danışıb. Azərbaycan dilinin ifadə imkanlarının genişliyini də diqqətə çatdıran dosent tədbirin önəmi haqqında fikirlərini bölüşüb.
Sonra təlimə başlayan “Diksiya Akademiyası”nın direktoru Cəlalə Nəzəroğlu danışığın, nitqin ünsiyyətdə oynadığı rol, danışıq vasitələrindən düzgün və yerində istifadə, fikrin düzgün ifadə tərzi, danışıq zamanı üslubların seçimi, ritorika, həmçinin danışıq zamanı yol verilən yanlışlıqlar barədə ətraflı məlumat verib.
Natiqliq qabiliyyəti, eləcə də düzgün danışıq bacarığının, nitq mədəniyyətinə dərindən yiyələnməyin tələbələrin gələcək karyeralarının inkişafındakı əhəmiyyətini xüsusi vurğulayan təlimçi səlis nitqin formalaşmasında düzgün nəfəs almağın vacibliyini qeyd edib.
Nitq mədəniyyətinin zaman-zaman formalaşması, təkmilləşməsi prosesindən də bəhs olunan təlim tələbələrin suallarının cavablandırlması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi