Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “Məhsul sahibi marafonu” ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
Tədbirdə “SUP.VC” şirkətinin layihə meneceri Cəmil Hüseynzadə “PAŞA Bank”ın tərəfdaşlığı və təmsil etdiyi şirkətin təşkilatçılığı ilə baş tutacaq yarış barədə məlumat verib. Qeyd olunub ki, “Məhsul sahibi marafonu”nda innovativ məhsulun hazırlanma prosesi və məhsul sahibi rolunun mənimsənilməsi izah olunacaq. Həmçinin marafonda innovativ məhsul sahibi olmaq üçün lazım olan bilik və bacarıqlar tədris ediləcək. 4 həftə boyunca davam edəcək marafon iki mərhələli olacaq. Birinci mərhələ tətbiqi sessiyalar, ikinci mərhələ isə mentorluq xidmətini əhatə edir.
C.Hüseynzadə əlavə edib ki, 7 universitetdən 14 komandanın qatılacağı yarışda iştirakçılar startap ideyası üzərində işləyib, MVP - minimal həyat qabiliyyətli məhsul təqdim etməlidir. Marafona III və IV kurs tələbələri qatıla bilər. İştirakçılar əsasən məhsul meneceri, dizayner və proqramçılardan ibarət olmaqla, minimum 3 nəfərlik komandalar şəklində müraciət etməlidirlər.
Marafona qeydiyyat üçün son tarix 23 oktyabrdır. Final mərhələsinin 28 noyabrda nəzərdə tutulduğu marafonda ilk yerin qalibi üçün pul mükafatı (üç min manat) müəyyənləşdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi