BMU-da tələbələr üçün elmi seminar keçirilib

15 May 2025
BMU-da tələbələr üçün elmi seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə “Beynəlxalq akademik yazı normaları və optimal elmi-tədqiqat metodları” mövzusunda tələbələr üçün elmi seminar keçirilib.

Kafedranın müdiri Təranə Hacıyeva seminarda məruzə ilə çıxış edərək elmi məqalənin hazırlanması, onun fərqli prinsipləri, yazılmasını zəruri edən amillər haqqında məlumat verib. Müasir elmi məqalələr və klassik elmi məqalələrin məzmun, forma xüsusiyyətlərinə toxunan kafedra müdiri onlar arasında meydana çıxan fərqləri və yeni yazı tələblərini diqqətə çatdırıb. Məruzədə elmi məqalələr hazırlanarkən ideyanın necə inkişaf etdirilməsi, təhlilin aparılması və nəticənin ortaya qoyulması, iqtibaslardan düzgün istifadə, plagiatlıqdan qaçmaq və s. barədə zəruri informasiyalar təqdim olunub.

Sonra çıxış edən  “Fizika” ixtisasının I kurs tələbəsi Nərgiz Daşzərli,  “Kompüter elmləri” ixtisasının III  kurs tələbəsi Zülayə Mahmudova və “Mühasibat” ixtisasının II kurs  tələbəsi İntiqam Bəşirov Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisi sayəsində elmi məqalə yazmaq istiqamətində qazandıqları uğurlardan danışıblar. Bildirilib ki, fənnin aşıladığı bilik və bacarıqlar akademik kommunikasiya vərdişləri ilə yanaşı, elmi məqalə yazmaq və araşdırma aparmaq xüsusiyyətləri formalaşdırır. Nəticədə tələbələr ixtisas fənn müəllimlərinin dəstəyi ilə hazırladıqları elmi məqalələrlə müxtəlif seminarlarda çıxış edir, yazdıqları məqalələr gənc tədqiqatçıların konfranslarına göndərilir, o cümlədən elmi jurnallarda nəşr olunur.

Seminarda “Kompüter mühəndisliyi” ixtisasının III kurs tələbəsi Təbriz Lətifov, “Memarlıq” ixtisasının I kurs tələbəsi Zeynəb Qasımzadə, “Biznesin idarəedilməsi” ixtisasının II kurs tələbəsi Esmira İbrahimovanın da elmi tədqiqatlarla məşğul olduğu, elmi məqalə sahəsində potensialları, əldə etdikləri nailiyyətlər vurğulanıb. 

Tələbələrlə məşğələlər formasında davam edən seminarda onları maraqlandıran suallar da cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər