BMU-da tələbələr Mobil Tərtibatçılıq proqramı ilə bağlı məlumatlandırılıb

14 Oktyabr 2022
BMU-da tələbələr Mobil Tərtibatçılıq proqramı ilə bağlı məlumatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) Kompüter və informasiya texnologiyaları kafedrasının sonuncu kurs tələbələri üçün Mobil Tərtibatçılıq proqramı ilə bağlı məlumatlandırma tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət layihəsi - ABB Tech Akademiyası tərəfindən icra olunan proqram və onun mahiyyəti barədə geniş məlumat verilib. Qeyd edilib ki, Akademiyanın missiyası ölkənin informasiya texnologiyaları bazarının beynəlxalq standartlara və müasir texnoloji çağırışlara uyğunlaşdırılması, eyni zamanda peşəkarlara bu perspektivli əmək bazarında yeni imkanların yaradılmasına dəstək verməkdir.

Tələbələr qarşısında təqdimatla çıxış edən ABB İnnovasiya Mərkəzinin proqram meneceri Sevda Alibayova, ABB Tech Akademiyası layihəsinin məzunu Ayxan Hacıyev proqram çərçivəsində 130-dan artıq şirkətlə əməkdaşlığın qurulması, akademiya məzunlarının 82 faizdən çoxunun işlə təminatı, həmçinin yeni proqramlara qeydiyyatın başlanması, proqrama qəbul qaydaları, tələblər və s. haqda məlumat veriblər.

Bildirilib ki, gələcək karyerasını mobil tətbiqlərin yazılışı istiqamətində qurmaq istəyənlər proqramlara qoşulmaq üçün abbtech.az saytından qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, akademiyada tədris beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən İsrailin TELEM metodikası əsasında, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin  ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində, “bp” şirkəti və onun tərəfdaşlarının dəstəyi ilə həyata keçiriləcək. Müraciət zamanı yüksək nəticə göstərmiş tələbələrə təqaüd qazanmaq imkanı yaradılacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər