Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin sonuncu kurs tələbələri ilə “Grant Thornton Azerbaijan” audit şirkətinin əməkdaşlarının görüşü təşkil olunub.
BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov tədbirin mahiyyəti haqda tələbələri məlumatlandırıb. “Grant Thornton Azerbaijan”-da artıq BMU-nun üç məzununun işlə təmin olunduğunu vurğulayan dekan şirkət tərəfindən yaradılan iş imkanları və fürsətlər baxımından bu görüşün də tələbələr üçün faydalı olacağına, gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsinə yardım edə biləcəyinə diqqət çəkib.
Sonra görüşdə şirkətin Audit departamentinin rəhbəri Kaşif Şahir tələbələr qarşısında təqdimatla çıxış edib. Təqdimat zamanı “Grant Thornton Azerbaijan” şirkətinin dünyanın 135-dən artıq ölkəsində fəaliyyət göstərən “Grant Thornton International LTD”- nin üzvü olduğu, şirkət tərəfindən dövlət və özəl qurumlara audit, vergi və biznes sahəsi üzrə peşəkar konsaltinq xidmətlərinin göstərildiyi bildirilib.
Görüşdə tələbələrin audit şirkətində ödənişli təcrübə proqramına qoşulması, eyni zamanda bu qurumda işə cəlb edilməsi, gələcək karyeranın inkişafı ilə bağlı mövcud imkanlar barədə ətraflı məlumatlar verilib.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə gerçəkləşən görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi