Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “Qrammatika dilin bünövrəsidir” adlı yarış təşkil olunub.
Pedaqoji fakültənin İngilis dili kafedrasının müəllimi Çinarə Nərimanovanın təşəbbüsü ilə baş tutan yarış iştirakçıları qrammatik cəhətdən düzgün danışmağa yönləndirmək, eyni zamanda tələbələrin asudə vaxtlarının səmərəli təşkilini təşviq etmək məqsədi daşıyıb.
Yarışda universitetin İnformasiya təhlükəsizliyi, Radiotexnika və Maliyyə ixtisasları üzrə təhsil alan I kurs tələbələrindən ibarət komandalar iştirak ediblər.
Beş turdan ibarət yarışın ilk mərhələsində tələbələrə qrammatik suallar verilib. İkinci turda verilmiş sözlərdən cümlə qurulması, üçüncü turda indiki zamanda verilmiş cümlələrin keçmiş zamanda yazılması, dördüncü turda verilmiş sifətlərin adi, müqayisə və üstünlük dərəcəsində cümlədə düzgün işlədilməsi, beşinci turda cümlə tərcüməsi şərtləri irəli sürülüb.
Maarifləndirici yarışın qalibi bütün turlar üzrə ən çox bal toplayan İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələrdən ibarət komanda olub.
İctimaiyyətlə əlaqələr şöbəsi