Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “Tələbə Elmi Cəmiyyəti (TEC) nədir?” adlı tədbir keçirilib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən (SDG) 4-cü (keyfiyyətli təhsil) istiqamətə uyğun olaraq təşkil edilən tədbiri giriş sözü ilə açan BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov universitetdə elmi fəaliyyətin əhəmiyyətindən danışıb. O, tələbələrin elmi axtarışlara cəlb olunması, sosial-ictimai həyata aktiv qoşulması və elmi layihələrin təşviqinin vacibliyini vurğulayıb. Bildirib ki, ali məktəbdə tələbələrin innovativ ideyalarının reallaşdırılması üçün geniş imkanlar mövcuddur və BMU Texnoparkı bu sahədə gənclərə hərtərəfli dəstək göstərir.
Sonra TEC-in yeni seçilmiş sədri Aysu Cəbrayılova cəmiyyətin məqsədləri, universitet gənclərinin inkişafında, elmi və sosial təşəbbüslərin dəstəklənməsində rolu barədə məlumat verib. Həmçinin yeni komanda ilə birlikdə həyata keçiriləcək layihələr və fəaliyyət planlarına toxunub.
Tədbir çərçivəsində TEC-in fəal üzvləri də çıxış ediblər. Onlar burada iştirak etməklə qazandıqları təcrübə, əldə etdikləri bilik və bacarıqları bölüşüb, bu mühitin şəxsi və peşəkar inkişafda oynadığı rolu diqqətə çatdırıblar.
Digər çıxış edənlər tələbələrə elmi fəaliyyətə qoşulmaq, innovativ düşünmə bacarıqlarını artırmaq və bu istiqamətdə TEC platformasından fəal şəkildə yararlanmağı tövsiyə ediblər.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbir tələbələrin iştirakı ilə hazırlanmış bədii proqramla yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi