Bakı Mühəndislik Universitetində (BMU) BMU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “TEKNOFEST” – beynəlxalq aviasiya, kosmik və texnologiya festivalı ilə bağlı tələbələr üçün məlumatlandırıcı seminar keçirilib.
Seminarda çıxış edən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov “TEKNOFEST”-in beynəlxalq aləmdə və bu ilin may ayında ilk dəfə Azərbaycanda təşkilinin üstünlüklərindən danışıb. Prorektor BMU-nun “RED” komandasının “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutduğunu xatırladaraq, bu nailiyyətin növbəti illərdə də təkrarlanacağına ümidvar olduğunu deyib, innovasiya əsaslı yarışlarda gəncləri daha fəal olmağa çağırıb.
Sonra “Bilim Bakı” Mərkəzinin direktoru Yusuf Polat seminarda təqdimatla çıxış edib. Bildirib ki, Türkiyənin ən böyük aerokosmik və texnologiya festivalı 2018-ci ildən etibarən Türkiyə Texnologiya Komandası (T3 Vəqfi) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən hər il təşkil olunur. Azərbaycan 2021-ci ildə ilk dəfə TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında iştirak edib.
Müasir texnoloji inkişaf dövrünün meydana gətirdiyi IV və V sənaye inqilablarından söz açan Y.Polat “TEKNOFEST-2023” üçün artıq hazırlıqlara başlanıldığını vurğulayıb. O, 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks və fərqli bir təhsil modeli olan “Deneyap” proqramı, müştərilər, investorlar və ya maraqlı tərəfləri bir arada toplayan “Take Off Baku” Startap sammiti haqda da ətraflı məlumat verib.
Daha sonra Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev, BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov, TEC-in sədri Xədicə Abdullazadə də çıxış ediblər. Qeyd edilib ki, seminar ideyalarının həyata keçirilməsi istiqamətində tələbələri daha da cəsarətləndirmək, bu prosesdə onların fəal iştirakının təmin olunmasına dəstək vermək məqsədi daşıyır. Tədbirdə hazırda tələbələrin BMU-nun Mexanika laboratoriyasında yarış üçün hazırlığa davam etdiyi də vurğulanıb.
Seminarda “TEKNOFEST”- lə bağlı tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi