Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsi təhsilin məsafədən effektiv təşkili ilə bağlı onlayn təlim keçirib. “Google Classroom LMS (Learning Managament System)” və onlayn dərslərin keçirilməsində “Google Meet” proqramlarından istifadə təlimin əsas mövzusunu təşkil edib.
Təlimdə fakültə dekanı, dosent Mayis Əzizov açılış nitqi ilə çıxış edib.
Dekan müavini Elsevər İbadovun təqdimatı ilə davam edən təlimdə Classroom platformasının effektiv istifadə edilməsi, rəqəmsal platformadakı tədris otağında zəruri başlıqların tərtib edilməsi, “Google Meet” və “Google təqvim” arasındakı bağlantının istifadəsinin geniş izahı verilib. Eyni zamanda, onlayn dərslərin video qeydiyyatı aparılmaqla Classrooma əlavə edilməsi, platformada davamiyyət və imtahanların təşkili imkanları haqqında da ətraflı məlumat verilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müxtəlif müzakirələr aparılıb.
Qeyd edək ki, təlimdə İqtisadiyyat və idarəetmə fakültəsinin 61 nəfər professor-müəllim heyəti iştirak edib. Bununla yanaşı, təlimdə iştirak edə bilməyən müəllimlər təlimin videosu ilə təmin olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi