BMU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib

05 Aprel 2022
BMU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələr aparmaq və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək olub.

Fondun idarə heyətinin sədr müavini Bəhruz Əzimov təmsil etdiyi qurumun rəhbərliyi adından görüş iştirakçılarını salamlayıb. Bildirib ki, Fond əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli fərmanı ilə yaradılıb.

2021-2022-ci tədris ili üzrə tələbələrin müraciətlərinin qeydə alındığını söyləyən sədr müavini statistik informasiyaları nəzərə çatdırıb və hazırda yaz semestri ilə bağlı müraciətlərin davam etdiyini deyib. B.Əzimov təhsil tələbə kreditlərinin sosial və standart formaları barədə ətraflı məlumat verib. Beynəlxalq təcrübələrə əsasən aparılan müqayisələrə toxunan və Azərbaycanda ən aşağı faizlərlə kredit verildiyini fikirlərinə əlavə edən Fond rəsmisi ölkə Prezidentinin yaratdığı bu imkanın tələbələrin motivasiyasını artıracağını, təhsilin keyfiyyətinə təsir edəcəyini bildirib.

BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov Fondun nümayəndələrini universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Prorektor dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı bəhs edib. Həmzağa Orucov təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrlə görüşlər təşkil etməyin vacibliyini önə çəkib və tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün bir sıra təkliflər səsləndirib.

BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə ödənişli əsasla təhsil alan tələbələrlə bağlı ölkə rəhbərliyi tərəfindən atılan addımlardan söz açıb. Ölkəmizdə insan kapitalının inkişafı ilə bağlı reallaşdırılan bir sıra dövlət proqramlarına toxunan prorektor sosial dövlət olan Azərbaycanın daxili siyasətinin mərkəzində insan amilinin dayandığını bildirib və daha çox həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin verilməsi məqsədinə xidmət edən Təhsil Tələbə Krediti Fondunun önəmini vurğulayıb.

Çıxışlarda elektron universitet kimi fəaliyyət göstərən BMU-da mövcud olan elektron xidmətlər diqqətə çatdırılıb, eyni zamanda, kreditlərin verilməsi ilə bağlı tələbələrin ətraflı məlumatlandırılmasında bu xidmətlərdən yararlanmağın vacibliyi qeyd olunub.

Görüşdə Fondun idarə heyəti sədrinin köməkçisi Ağca Məmmədova və İnformasiya texnologiyaları üzrə mütəxəssis Ağamusa İsazadə, BMU-nun Tədris hissəsinin müdiri Ramil Hacıyev çıxış ediblər.

Sonda təhsil kreditlərinin verilməsi ilə bağlı irəli sürülən təkliflərlə bağlı müzakirələr aparılıb. 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər