Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Elm və Təhsil Nazirliyinin də qoşulduğu növbəti ağacəkmə aksiyasında fəal iştirak ediblər.
Abşeron yarımadasında baş tutan aksiyaya universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan Pakistan, Filippin, Fələstin, Rusiya, Nigeriya, Şri-Lanka vətəndaşları olan əcnəbi tələbələrlə yanaşı, BMU-nun Xarici Əlaqələr və Layihələrin İdarə olunması Şöbəsinin Əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Nərmin Qəhrəmanlı da qoşulub.
Ölkədə sağlam ətraf mühitin yaradılması və mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə təşkil olunan kampaniya, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi, ictimai fəallıqlarının artırılması məqsədinə xidmət edib. Aksiyaya, ümumilikdə 18 ali təhsil müəssisəsindən 33 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə qatılıb.
Tədbirdə ölkəmizdə təhsil alan əcnəbi tələbələrdən başqa, müvafiq qurumların, o cümlədən Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin nümayəndələri də iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi