Bakı Mühəndislik Universitetində (BMU) SOCAR-ın “Gənc İstedadlar Proqramı” ilə bağlı sonuncu kurs və magistr tələbələr üçün məlumat sessiyası təşkil olunub.
Sessiyada öncə proqramın üstünlükləri, gənclərə faydaları haqqında ümumi məlumat verilib.
Sonra SOCAR əməkdaşları tərəfindən müvafiq təqdimatlar edilib. Bildirilib ki, proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, texniki biliklərinin və davranış səriştələrinin inkişafı üçün təşkil olunan təlimlərə qatılmaq, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Əlavə olunub ki, proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma şansı qazana bilirlər.
Sessiya zamanı proqramda iştirak şərtləri açıqlanıb, seçim prosesinin mərhələləri izah edilib. Vurğulanıb ki, proqrama müraciət edən gənclərin məntiqi təfəkkür və ingilis dili biliklərinin yoxlanılması məqsədilə test imtahanı, müvafiq keçid balını toplayanlar üçün müsahibələr də təşkil olunacaq.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi