Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin və “SABAH.Lab” startap akselerasiya mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Minimum mümkün məhsul (MVP) üzərində işləyən tələbə komandalarının öz startaplarını və bizneslərini inkişaf etdirməyə təşviq etmək məqsədi ilə təşkil olunan tədbirdə çıxış edən “SABAH.Lab”-ın əməkdaşları Aynur Əliyeva və Rüstəm Mədədzadə tələbələrə qurumun fəaliyyəti və həyata keçirdiyi müxtəlif proqramlar barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən “SABAH.Lab” icra etdiyi proqramlar sayəsində müxtəlif sahələrdə yeni şirkətlərin qurulması və inkişafına dəstək verir.
Çıxışlar zamanı bu proqramlardan biri olan və MVP-lərin yaranmasında yardımçı olmaq məqsədi daşıyan “Sabah İnkubasiya proqramı”ndan da bəhs olunub. Proqram çərçivəsində startap ideyalarına dəstək göstərilməklə, biznes fəaliyyəti üçün növbəti mərhələlərin sürətlənməsinə təkan verildiyi vurğulanıb.
Sonra “SABAH.Lab”-ın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi