BMU-da "StartUp School" layihəsinin təqdimatı keçirilib

10 Mart 2023
BMU-da "StartUp School" layihəsinin təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə hazırladığı "StartUp School" layihəsinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov ideyaların biznesə çevrilməsi və kommersiyalaşdırlması, innovasiya fəaliyyətinın genişləndirilməsi, yeni startap şirkətlərin yaradılması ilə bağlı fikirlərini bildirib. Azərbaycanda startap ekosisteminin formalaşması üçün son illər aparılan məqsədyönlü tədbirləri diqqətə çatdıran prorektor ölkədə innovativ layihələrin dəstəklənməsi üçün işlərin sürətləndirildiyini vurğulayıb.

“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva təqdimatında adıçəkilən portalın fəaliyyət istiqamətləri, o cümlədən missiya və hədəfləri haqda tələbələrə məlumat verib. O, qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi tərəfindən idarə olunan portalın məqsədi ölkənin investisiya cəlbediciliyini yüksəltmək, iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Bununla yanaşı, portalın hədəfləri sırasında potensial investor axtarışında olan layihə təşəbbüskarları ilə investorları bir araya gətirməklə, startapların inkişafı üçün uyğun platforma yaratmaq yer alıb.

Mentor Habil Əliyev isə çıxışını auditoriya ilə diskussiya şəklində quraraq, startap, investor, ideya, biznes kimi anlayışlara tələbələrlə birgə cavab axtarıb.

Sonra layihə meneceri Nəzrin Əkbərova “StartUp School” barədə zəruri informasiyaları nəzərə çatdırıb. Bildirilib ki, layihə sahibkarlıq və biznesin idarəolunması üçün startapların yaradılması üzrə maarifləndirməni həyata keçirir. Bu məqsədlə təşkil olunan və ABŞ, Türkiyə, İsrail, Polşa va Azarbaycandan olan mentorların da cəlb olunduğu kurslar iki ay davam edəcək. Kursu uğurla başa vuran startapçılara beynalxalq səviyyəli sertifikat təqdim olunacaq. Birinci yerin qalibləri isə Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinə getmək şansı əldə edəcəklər.

Tədbirdə təqdimatlarla bağlı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər