Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində “Qlobal inflyasiya və həyata keçirilən sərt pul siyasəti” mövzusunda elmi-metodiki seminar keçirilib.
Universitetin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov bu qəbildən olan seminarların ənənəvi təşkilinin əhəmiyyətini qeyd edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə bu yaxınlarda təsdiqlənən “Azərbaycan Elm Fondunun Nizamnaməsi”nə diqqət çəkən prorektor yenidən formalaşan qurumun fəaliyyətində yer alacaq yeniliklər barədə məlumat verib. O, yeni qaydalara əsasən, impakt faktorlu ödənişli jurnallarda elmi məqalələrin dərcinin Elm Fondu tərəfindən maliyyələşdirilməsinin önəmini vurğulayıb.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov, İqtisadiyyat kafedrasının müdiri Murad İsgəndərov seminarla bağlı fikirlərini bildirərək, cari semestr ərzində müxtəlif mövzularda elmi-metodiki seminarların təşkil ediləcəyini, bu tədbirlərin keçirilməsinin faydalı olacağını önə çəkiblər və əməkdaşları belə seminarlarda fəal iştiraka çağırıblar. Natiqlər seminarlarda səslənən elmi məqalələrin impakt faktorlu jurnallarda nəşri məsələsinə də toxunublar, həmçinin fakültədə hər həftə “Akedemik çalışma saatı”nın keçiriləcəyi nəzərə çatdırılıb.
Çıxışlardan sonra İqtisadiyyat kafedrasının dosenti Fərid Cəbiyev məruzə ilə çıxış edib. Məruzədə inflyasiya tempi, onu yaradan və sürətləndirən amillər, qapanmalar və yumşaq pul siyasətinə keçid, dünya iqtisadiyyatında yaşanan böhran vəziyyəti və s. məqamlara aydınlıq gətirilib.
Seminar mövzu ətrafında müzakirələrlə işini davam etdirib.
İctimaiyyətlə əlaqələr şöbəsi