BMU-da "CyberCell Hackathon 2025" yarışına start verilib

23 Oktyabr 2025
BMU-da "CyberCell Hackathon 2025" yarışına start verilib

Bakı Mühəndislik Universitetində (BMU) “Azercell Telekom” MMC  ilə birgə “CyberCell Hackathon 2025” adlı kibertəhlükəsizlik yarışması təşkil olunub.

BMU Texnoparkında baş tutan yarışma kibertəhlükəsizlik, süni intellekt və innovativ texnologiyalar sahəsində gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, həmçinin onların bu istiqamətdə praktiki təcrübə qazanmasını hədəfləyib.

Tədbirin açılış mərasimində  çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov kibertəhlükəsizlik sahəsində peşəkar  mütəxəssislərin hazırlanmasının ölkənin strateji inkişaf prioritetlərindən biri olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə təhsil müəssisələri ilə biznes sektorunun birgə təşəbbüsləri gənclər üçün yeni imkanlar yaradır.  

İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı  Vaqif Qasımov universitetin texnologiya yönümlü layihələrə verdiyi dəstəyi vurğulayıb və belə yarışların tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsində mühüm rol oynadığını söyləyib.

“Azercell Telekom”un İstedadların idarəedilməsi və biznes partnyorluğu şöbəsinin rəhbəri Vüsalə Həsənova isə şirkətin gənclərin inkişafına və innovativ təşəbbüslərə dəstək istiqamətində həyata keçirdiyi layihələr  barədə danışıb.

Şirkətin Texnologiya və informasiya üzrə baş direktoru George Held çıxışında kibertəhlükəsizlik sahəsində komanda işinin, yaradıcılığın və davamlı öyrənmənin əhəmiyyətinə toxunub.

Tədbirin texniki hissəsində ekspert-mühəndis Asif İbrahimov iştirakçılara qiymətləndirmə meyarları və hakatonun gedişatı barədə ətraflı məlumat təqdim edib.

İlk mərhələdə komandalar müxtəlif həllər üzərində işləyərək kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını nümayiş etdiriblər. Növbəti mərhələdə komandalar hazırladıqları innovativ həlləri təqdim edəcəklər. 

Qeyd edək ki, yarışmaya  ölkə üzrə 100-dən çox komanda, ümumilikdə isə 300-dən artıq gənc müraciət edib. Onlardan 25 komanda final mərhələsində iştirak hüququ qazanıb.

Qaliblərin mükafatlandırılması mərasimi oktyabrın 27-də BMU-da keçiriləcək. I yerin qalibi 4000 manat, II yerin qalibi 3000 manat, III yerə çıxan komanda isə 2000 manat pul mükafatı ilə təltif olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər